Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt (AI) texnologiyasını qanunların hazırlanması, dəyişdirilməsi və təhlili prosesinə inteqrasiya etmək planlarını açıqlayıb. Bu yanaşma, dünyada ilk dəfə olaraq qanunvericilik sahəsində süni intellektin bu səviyyədə tətbiqi ilə fərqlənir.
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Layihəni Dubay hökmdarı və BƏƏ vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Maktum təqdim edib. Bu təşəbbüs AI vasitəsilə qanunların hazırlanması prosesini 70 faiz daha sürətli edə bilər. Keçən həftə təsdiqlənmiş yeni dövlət qurumu – Tənzimləyici Kəşfiyyat İdarəsi bu layihənin həyata keçirilməsinə nəzarət edəcək.
Şeyx Məhəmməd dövlət mediasına açıqlamasında bildirib ki, "süni intellektlə gücləndirilmiş yeni qanunvericilik sistemi qanun yaradıcılığının üsulunu dəyişəcək, prosesi daha sürətli və dəqiq edəcək".
BƏƏ-nin bu yanaşması dünyada mövcud tətbiqlərdən fərqlənir. Hazırda bir çox ölkələrdə AI əsasən inzibati dəstək və sənəd xülasələşdirməsi üçün istifadə edilir. BƏƏ isə AI-dən istifadə etməklə hökumət və hüquqi məlumatları analiz edib qanunların nəzərdən keçirilməsi və yenilənməsini planlaşdırır.
Siyasi şərhçi Əbdülxaliq Abdullah The Telegraph qəzetinə bildirib ki, ölkə AI sahəsində "çox ciddi" yanaşır. Onun sözlərinə görə, BƏƏ gələcəkdə qlobal AI və rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməyi hədəfləyir, necə ki, hazırda maliyyə və logistika sahələrində qlobal mərkəzdir.
Bununla belə, bəzi tədqiqatçılar süni intellektin qanunvericilikdə istifadəsi ilə bağlı risklərə diqqət çəkirlər. Financial Times-ın yazdığına görə, mütəxəssislər AI modellərinin hüquqi mətnləri səhv şərh edə biləcəyini və insan kontekstindən uzaq qanun layihələri hazırlaya biləcəyini bildiriblər.
Buna baxmayaraq, Oksford İnternet İnstitutunun əməkdaşı Kiqan MakBraid BƏƏ-nin bu təşəbbüsünü müsbət qiymətləndirib. O qeyd edib ki, BƏƏ-nin mərkəzləşdirilmiş idarəetmə strukturu texnoloji təşəbbüsləri demokratiya sistemlərinə nisbətən daha sürətli həyata keçirməyə imkan verir.
Bu təşəbbüs BƏƏ-nin AI sahəsində uzunmüddətli strategiyasının davamı hesab edilir. 2017-ci ildə BƏƏ dünyada ilk dəfə olaraq süni intellekt naziri təyin edib – Ömər Sultan Əl-Ölama. Həmin dövrdə, ölkə Süni İntellekt üzrə BƏƏ Strategiyasını təqdim edərək dövlət idarəçiliyində texnologiyanın rolunu artırmaq məqsədilə böyük addım atmışdı.
Bundan əlavə, BƏƏ keçən il MGX adlı xüsusi AI fondunu yaratmışdı. Bu fond, ABŞ-ın məşhur investisiya şirkəti BlackRock-un 30 milyard dollarlıq AI-infrastruktur fondu daxil olmaqla bir sıra iri layihələri dəstəkləyib.