“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığa başlayır.
FED.az xəbər verir ki, iki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələr hazırlanacaq. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlarda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, laboratoriyaların yaradılması imkanlarının araşdırılması və mövcud laboratoriyalardan və kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resursları və imkanları ilə tələbələrin təmin edilməsi də memorandumda əksini tapıb.
Barama Mərkəzi və YTP arasında memorandum imzalanıb
17:33
23 Okt 2018