Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2024-cü ilin sentyabr ayında təkcə paytaxtda ulduz kateqoriyasını düzgün qeyd etməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib.
Bu hotellərin açıq məkandakı reklam yayımları dayandırılacaq
FED.az ADRA-ya istinadən xəbət verir ki, məlum olub ki, onlar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş. Bakı Şəhəri Reklam İdarəsinin apardığı tədbirlər nəticəsində həmin obyektlərin reklamları demontaj olunaraq nöqsanlar aradan qaldırılıb. Araşdırmalar nəticəsində o da məlum olub ki, "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilən tələblərə cavab verməyən 77 yerləşmə vasitəsi də "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozub. Həmin yerləşmə yerlərinin artıq 61-nin açıq məkandakı reklamlarının yayımı dayandırılıb. Bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.