Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzi AREA Robotexnika Mühəndisliyi Akademiyası ilə birgə uşaqlar və gənclər üçün “Robot və dronlar yürüşü” adlı seminar keçirib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, seminar “Robopark” layihəsi çərçivəsində baş tutub.
Təlimin ilk hissəsində İKT LAB və AREA rəhbərləri açılış nitqi ilə çıxış edib. Məlumat verilib ki, hər iki qurum birgə robot və dron texnologiyaları üzrə təlimləri bundan sonra da davam etdirəcəklər.
Bildirilib ki, kiçik yaşlı uşaqlarla yanaşı, böyüklər də “Robopark” təlimlərində iştirak edə bilərlər.
Belə ki, 4-7 yaş üçün nəzərdə tutulan “ROBOMONTE” təlimi (montosori, robotexnika) 7 aylıq müddəti əhatə edir və kiçik yaşlı uşaqların məntiqi düşünmə qabiliyyətinin, eləcə də texnoloji biliklərinin artırılmasına hesablanıb.
4 ay ərzində davam edəcək “MƏN PİLOTAM” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.
“AREAduino” təlimlərinin (mürəkkəb kodlama, “Arduino” platforması ilə işləmə və “Əşyaların interneti” texnologiyaları) müddəti 6 aydır. Bu, peşəkar robot və kodlaşdırma təlimidir. Belə ki, valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. Bu təlimin yaş həddi yoxdur. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər. Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir.
Bütün bu təlimlər zamanı iştirakçılar üçün təkcə dərs deyil, onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək.
Seminar çərçivəsində təlimçilər tərəfindən “Robomonte”, “Dronlar” və “AREAduino” ilə bağlı müxtəlif maraqlı təqdimatlar da keçirilib.
Növbəti hissədə isə iştirakçılara praktiki olaraq robot və dronların işləmə mexanizmi nümayiş olunub.