Bakıda reklamın binanın fasadında (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə yol verilməyəcək.
Bakıda binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər”də əksini tapıb.
Qeyd edilib ki, reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsi; həmçinin, reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsi qadağandır.
Bildirilib ki, fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna, ornament və ya naxışlarına, o cümlədən fasadlarının dekorasiyasına xələl gətirmədən, rənglərin və rəng birləşmələrinin məhdud istifadəsi, fasadın rəngi ilə harmoniyası nəzərə alınmaqla yerləşdirilməlidir.