Bakıda AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin ev sahibliyi ilə “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb.
FED.az xəbər verir ki, tədbirdə Avropanın poçt operatorlarının, Ümumdünya Poçt İttifaqının və digər beynəlxalq tərəfdaşların nümayəndələri iştirak edirlər.
Baş Assambleyanın açılışında “PostEurop”un İdarə Heyətinin sədri Elena Fernández Rodríguez çıxış edərək bildirib:
“Avropanın poçt operatorları birgə fəaliyyət göstərdikdə daha güclü olurlar. Növbəti iki gün ərzində şəbəkəmizin dayanıqlılığını gücləndirmək, innovasiyaları inkişaf etdirmək və poçt xidmətlərinin vətəndaşlara, bizneslərə və icmalara dəstək göstərməkdə mühüm rolunu möhkəmləndirmək yollarını müzakirə edəcəyik. Əməkdaşlıq, bilik mübadiləsi və birgə fəaliyyət vasitəsilə “PostEurop”un hamı üçün dayanıqlı və etibarlı Avropa poçt xidmətini təşviq etmək missiyasına dəstək verir, sektorumuzun aktuallığını qorumasını, dəyişikliklərə uyğunlaşmasını və gələcəyə hazır olmasını təmin edirik”.
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri v.i.e. Manaf Babayev qonaqları salamlayaraq tədbirin Bakıda keçirilməsinin həm qurum, həm də Azərbaycan üçün əhəmiyyətindən danışıb. O qeyd edib:
“Bu nüfuzlu tədbirə Bakıda ev sahibliyi etmək “Azərpoçt” üçün həm böyük şərəf, həm də mühüm məsuliyyətdir. İnanırıq ki, Baş Assambleya və Biznes Forumu üzv operatorlar arasında dialoqu gücləndirəcək, sektorun dəyişən tələblərinə birgə cavabların formalaşdırılmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcək”.
Açılış sessiyasında, həmçinin Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki və “PostEurop”un baş katibi Botond Szebeny iştirak ediblər.
Baş Assambleyanın gündəliyinə “PostEurop” strategiyasının icra vəziyyəti, 2026–2027-ci illər üzrə yol xəritəsi, komitə və işçi platformalarının fəaliyyəti, eləcə də qarşıdakı dövrün əsas prioritetləri daxildir.
Tədbir çərçivəsində “PostEurop”un 2026-cı il Baş Assambleyasına həsr olunmuş poçt markasının xüsusi möhürlənmə mərasimi keçirilib. Marka “PostEurop”un sədri Elena Fernandez-Rodriguez, baş katibi Botond Szebeny və “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri v.i.e. Manaf Babayev tərəfindən möhürlənib.
Proqram oktyabrın 8-də Avropanın poçt sektorunda aktual çağırışlara, transsərhəd əməliyyatlara təsir edən gömrük və tarif dəyişikliklərinə, eləcə də əlçatan və inklüziv poçt xidmətlərinin gücləndirilməsinə həsr olunan Biznes Forumla davam edəcək.




















