Bu gün Bakı şəhərində Kosmik Texnologiyalar Konfransı – Space Technology Conference (STC2025) start götürüb.
FED.az xəbər verir ki, iki gün davam edəcək mötəbər tədbirə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ev sahibliyi edir.
Konfransda "Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi", "Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu", "Kosmik sənayedə innovasiya və investisiyalar", "Kiçikölçülü peyklər", "Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası", "Regional çağırışlar üçün peyk texnologiyalarının rolu" kimi aktual mövzulara toxunulacaq.
Tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirib. Belə ki, konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrika regionlarından nümayəndələr qatılıb.
Tədbirdə çıxışı zamanı “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) deyib ki, “Azərkosmos” yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşır.
"Bu yeni nəsil peyk sistemləri yüksək dəqiqliklə Yerin müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətləri və regional əlaqə sahəsində qabaqcıl imkanlara malik olacaq. Biz həmçinin yeni beynəlxalq missiyaların, o cümlədən Türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarımızla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiririk", - o bildirib.
Qeyd edək ki, konfransdan bir gün əvvəl – 23 apreldə Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin növbəti toplantısı keçirilib. (Trend)