Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Bakı ətrafı və dənizkənarı ərazilərdə son nəsil simsiz rabitə (LTE - Long Term Evolution) texnologiyasını istifadəyə verir.
FED.az nazirliyə istinadən xəbər verir ki, ilkin mərhələdə rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə əhalinin genişzolaqlı telekommunikasiya xidmətləri ilə təmin edilməsinə başlanılıb.
“Baktelecom” mərhələli şəkildə yeni stansiyalar qurur. Layihə çərçivəsində “LTE” şəbəkəsinin baza stansiyalarının sayı daha da artırılacaq ki, bu da yay mövsümünə qədər qeyd olunan ərazilərdə sakinlərin telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradacaq. “LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərinə qoşulmaq istəyən vətəndaşlar texnologiyanı dəstəkləyən cihazları əldə etməlidir.
Qeyd edək ki, IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.