Nikolay Beckers: “M.A.P. Festivalı həm öz ideyasına, həm də miqyasına görə həddindən artıq böyük layihədir”
YARAT Müasir İncəsənət Məkanı cari ilin 6-11 noyabr tarixlərində Bakının bir sıra sayılıb-seçilən məkanlarında keçiriləcək 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edib.
Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Bu ilki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək. Festivalın baş sponsoru Bakcell şirkətidir. M.A.P. Festivalı və həmçinin “Bakcell” və “YARAT” arasında əməkdaşlıq barədə şirkətin Baş İcraçı Direktoru Nikolai Beckers fikirlərini bölüşüb:
“Yarat”la əməkdaşlığınız haqqında qısa məlumat vermənizi xahiş edirəm.
“Bakcell”lə YARAT arasında əməkdaşlıq 2012-ci ildə “Birləşən körpülər” adlı müasir incəsənət sərgisinin təşkil edilməsi ilə start götürüb.Amma 2017-ci ildə biz “YARAT”la əməkdaşlığımızı tamamilə yeni bir səviyyəyə çatdırdıq. Bakcell ölkədə ilk dəfə YARAT tərəfindən həyata keçirilən və mən deyərdim ki, ölkənin ən geniş miqyaslı mədəniyyət tədbirlərindən biri olan I M.A.P. Festivalının baş sponsoru oldu. Bu il isə biz məmnuniyyətlə II M.A.P. Festivalına dəstək göstəririk.
Bu layihəyə sponsorluq etməyiniz barədə qərarı verməyinizə hansı amillər təkan verdi?
Əvvəlcə onu deyim ki, Bakcell Azərbaycanda idmanın və incəsənətin inkişafına həsr olunmuş nəhəng layihələrin tərəfdaşı olub. Biz bu cür layihələri ünsiyyət yaratmaq, brend haqda məlumatlılığı artırmaq və Şirkətimizin dəyərlərini təbliğ etmək üçün effektiv bir kommunikasiya metodu kimi görürük.
Bu layihəyə gəldikdə isə, öncə qeyd etdiyim ki, hesab edirəm M.A.P. festivalıhəm öz ideyasına, həm də miqyasına görə həddindən artıq böyük layihədir. Bu, musiqi, incəsənət və teatrla məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Festival çərçivəsində nümayiş olunacaq əsərlər dünyanın dörd bir yanında olan zəngin mədəniyyəti tərənnüm edir və Azərbaycan tamaşaçısına bu sənət əsərlərindən zövq ala bilmək imkanı verir. Bu baxımdan layihə bizim diqqətimizi cəlb etdi.
Bakcell bir çox sosial layihələrin sponsoru olub. Gələcəkdə hər hansı bir dünya səviyyəsində keçirilən layihəni Azərbaycana da gətirmək niyyətindədirmi?
Bəli, bildiyiniz kimi, Bakcell genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramını həyata keçirir. Bu proqram çərçivəsində uşaqlar, o cümlədən də əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir.
Korporativ Sosial Məsuliyyət proqramımızın digər vacib bir istiqaməti Azərbaycanda idman, incəsənət və mədəniyyətin inkişaf etdirilməsinə yönəlib. Bu baxımdan ölkədə təşkil olunan və sosial baxımdan vacib hesab olunan layihələrə dəstək göstərməkdən məmnunluq duyuruq və bu sahədə uğurlu fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik.