Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyasına qoşulub.
Artıq 23 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönəlmiş ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.
Azərbaycanın artıq 9 ildir ki iştirak etdiyi bu beynəlxalq ekoloji aksiyanın təşkilatçıları qismində ənənəvi olaraq “Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü çıxış ediblər, aksiyanın partnyorları sırasında isə “ASAN Radio”, “Xəzər TV”, “AzEkol”, AFFA, “Baku Expo 2025”, “Alliance Asisst Group”, “Toyota” Bakı Mərkəzi, “Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.
15 sentyabr tarixində #Xəzəriqoruyaq şüarı altında Bilgəh çimərliyində keçirilmiş aksiyaya maksimum sayda iştirakçı cəlb olunub. Belə ki, 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar. Hər il çimərlik mövsümünün sonunda gənclərin, Bakcell və digər şirkətlərin əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Korporativ sosial məsuliyyətli şirkət olan Bakcell bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu
13:59
18 Sen 2018