Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə növbəti “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinə başlayır.
2010-cu ildən başlayaraq Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. Bakcell şirkətinin maliyyə dəstəyi sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq.
“Bakcell şirkəti olaraq cəmiyyətimizin tam hüquqlu üzvləri olan bu uşaqların öyrənməsi, yeni bacarıqlar əldə etməsi və hətta yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün əlimizdən gələni edirik. İnanırıq ki, bu uşaqlar həyatda öz yerlərini tapacaq və cəmiyyətin vacib bir hissəsinə çevriləcəklər. Əminəm ki, bu il həyata keçiriləcək bu layihə nəticəsində biz daha çox uşağı sevindirməyə nail olacağıq” deyə, Bakcell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı yüzə yaxın uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.
Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərə dəvət olunub öz bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
Bakcell “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir
11:37
31 Okt 2018