Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib. Ölkə adından təqdim edilmiş ilk Rezidentlik rəsmi olaraq İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycriyə verilib.
“Bakcell ölkədə innovasiya də rəqəmsallaşmanın tətbiq edilməsinə yönəlmiş bütün dövlət təşəbbüslərinə dəstək göstərməyə hazırdır. Artıq ikinci ildir ki, şirkətimiz Rəqəmsal Ticarət Qovşağının konfransına dəstək göstərir və biz İSESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tuveycriyə ilk mobil rezidentliyi təqdim etməkdən qürur duyuruq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Bakcell şirkətinin sponsorluğu ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) tərəfindən keçirilən “Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransı” innovasiya sahəsində ən nüfuzlu tədbirlərdəndir. Konfransda ABŞ, Tailand, Böyük Britaniya, Estoniya, Türkiyə və Mərakeş daxil olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə ilə yanaşı yüksək vəzifəli dövlət məmurları, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar və dünyanın aparıcı ticarət platformalarının nümayəndələri iştirak edib.
Bu il Rəqəmsal Ticarət Qovşağının əsas mövzusu elektron və mobil rezidentlik proqramının Azərbaycanda və bütün dünyada təqdim edilməsi olub. İştirakçılar elektron və mobil rezidentliyin sahibkarlar üçün güclü bir alətə çevrilməsini müzakirə ediblər. Tədbirdə həmçinin elektron xidmətlərin ölkələrarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub.
Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib
17:31
24 Okt 2018