Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşı olub.
Şirkətdən FED.az-a verilən məlumata görə, radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 4 veriliş efirə veriləcək.
Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş verilişin növbəti buraxılışı “ASAN Radio”da 2 aprel 2018-ci il tarixində saat 18:20-də yayımlanacaq. BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və “İnternyus Azərbaycan” İctimai Birliyinin təlimlər üzrə koordinatoru, jurnalist Ülkər Qurbanzadə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin təşviqində medianın rolunu müzakirə edəcək.
Verilişin təkrarı 4 aprel (saat 11:05-də) və 6 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
Qeyd edək ki, bu il Azərbaycanda ilk dəfə “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media, o cümlədən sosial media kanalları vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri haqqında yazılar, reportajlar, televiziya və radio verilişləri, habelə sosial çarxların hazırlanmasında yerli yazar, bloqqer, vloqqer və digər yaradıcı insanların bacarıqlarının inkişaf etdirilməsi olub.
“Bakcell” BMT və “ASAN Radio” ilə – TƏRƏFDAŞ OLDU
18:57
30 Mart 2018