Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun sponsoru olub.
Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi (Ost-Ausschuss – Osteuropaverein der Deutschen Wirtschaft e.V.) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Bu ilki tədbirin əsas mövzuları enerji və İKT sektorunda islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının Enerji və İKT sahələri üzrə layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub.
Tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, yerli biznes mühitinin yüksək vəzifəli nümayəndələri, Almaniyanın Azərbaycandakı Səfirliyinin və aparıcı alman şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar enerji sektorunda innovasiyalar və iqtisadi islahatlar sahəsində İKT-nin hərəkətverici qüvvəsi barədə panel müzakirələrində iştirak edib.
Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının 2018-ci ildən üzvü olan Bakcell şirkəti palatanın əməkdaşlıq və partnyorluq münasibətlərinin stimullaşdırılması və həmçinin Azərbaycanda ümumi biznes mühitinin inkişaf etdirilməsi sahəsində təşkil etdiyi tədbir və təşəbbüslərinə fəal şəkildə dəstək göstərir.
Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatın və ümumi biznes sektorunun inkişafına töhfə verir.
Bakcell Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərdi
15:13
12 Okt 2018