17-19 aprel tarixlərində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin Baş direktoru vəzifəsini icra edən Həsən Ömərovun rəhbərlik etdiyi heyət Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub və ölkənin aparıcı telekommunikasiya operatorları “Türkcell” və “Türk Telekom” şirkətlərində məhsuldar görüşlər keçirib.
FED.az xəbər verir ki, işgüzar səfər Şərqi Avropa, Balkan yarımadası, Yaxın Şərq, Şimali Afrika və türkdilli dövlətlərin texnologiya şirkətlərindən rəhbər şəxslərin və dövlət nümayəndələrinin qatıldığı “Mobilfest” çərçivəsində baş tutub.
“Aztelekom”un rəhbər qrupu “Türkcell” şirkətinin Baş icraçı direktoru Dr. Ali Taha Koç və “Türk Telekom” şirkətinin Baş icraçı direktoru Ümit Özalın başçılıq etdikləri nümayəndə heyətləri ilə görüş zamanı “Onlayn Azərbaycan” layihəsinin icrası ilə əlaqədar müvafiq göstəriciləri paylaşıb və inkişaf perspektivlərini müzakirə ediblər.
Tərəflər, mobil və sabit (fiks) rabitə xidmətlərinin inteqrasiyası, abunəçi portfelinin genişləndirilməsi, müştəri təcrübəsinin artırılması, şəbəkənin idarə olunması prosesində NOC (Network Operations Center) funksiyalarının təkmilləşdirilməsi, e-tibb, “ağıllı” şəhər və kəndlərin qurulması, fiber-optik infrastrukturun investisiyaların cəlbinə təsirinin perspektivləri və ümumilikdə rəqəmsal rifahın cəmiyyətlərin ümumi inkişafında rolu barədə fikir və təcrübə mübadiləsi ediblər. Görüşlər zamanı müxtəlif mövzularda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sektoral sinerjinin yaradılması istiqamətində konkret addımların atılması barədə ilkin razılıq əldə olunub.
“Aztelekom” heyəti şirkətlərin bir sıra kritik infrastrukturlarını, o cümlədən “Türk Telekom”un NOC (Şəbəkə Əməliyyatları Mərkəzini) ziyarət edərək mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.
Qeyd edək ki, “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.