“Aztelekom” MMC 2018-ci ili 16 milyon 884 min manat xalis zərər ilə başa vurub. Halbuki, MMC 2017-ci ili 5 milyon 647 min manat, 2016-cı ili isə 10 milyon 259 min manat xalis mənfəət ilə bağlamışdı.
FED.az dövlət şirkətinin auditorun təsdiq etdiyi illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 74 milyon 835 min manat təşkil etmiş cəmi gəlirlər, 2018-ci ildə 78 milyon 237 min manata yüksəlib. 2016-cı ildə şirkətin gəlirləri 90 milyon manatı aşmışdı.
Eləcə də bax:“Aztelekom” özəl provayderlərə “müharibə“ - ELAN EDİB
Ötən il “Aztelekom”un 78 milyon 237 min manat gəlirlərinə qarşı cəmi xərcləri 92 milyon 313 min manat təşkil edib. Nəticədə, şirkətin 14 milyon 76 min manat əməliyyat zərəri yaranıb.
2017-ci ildə “Aztelekom”un 74 milyon 835 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 79 milyon 749 min manat olmuş, şirkət 4 milyon 914 min manat əməliyyat zərəri etmişdi. 14 milyon 603 min manatlıq sair gəlirlər hesabına zərər bağlanmışdı. Dövlət şirkətinin ümumi, inzibati və digər əməlliyyat xərcləri artıb.
Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini, Beynəlxalq Avtomat Telefon Stansiyasını (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
@Marja.az