Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşəbbüsü, “Microsoft Azərbaycan” və “Kaspersky” şirkətlərinin iştirakı ilə “İKT əsaslarından bulud texnologiyalarına” adlı ödənişsiz maarifləndirici vebinar keçirilib.
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə tələbələrin, eləcə də müxtəlif peşə sahiblərinin İKT sahəsində, xüsusilə bulud texnologiyaları üzrə yeni biliklərə yiyələnməsinə şərait yaratmaqdır.
Məlumata əsasən, rəqəmsal platformada baş tutan tədbirdə təşkilatçılar informasiya texnologiyalarının, kibertəhlükəsizliyin əsasları, bulud texnologiyaları barədə təqdimatlarla çıxış ediblər.
“Microsoft Azərbaycan” adından çıxış edən Qaçay Mirzəyev vebinar iştirakçılarına informasiya texnologiyaları və bu sektordakı yeniliklər haqqında ətraflı məlumat verib. “Kaspersky”nin rəsmi təmsilçisi Müşfiq Məmmədov isə öz təqdimatında kibertəhlükəsizliyin vacib aspektlərindən bəhs edib.
Sonda spikerlər iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən bu kimi tədbirlərin yaxın gələcəkdə də təşkili nəzərdə tutulur.