İnformasiya və kommunikasiya texnologiyaları sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərlə Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “AzInTelecom” MMC ölkədə ilk dəfə keçirilən “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak edir.
FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gələcək. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparacaq.
“AzInTelecom” MMC-nin İdarə heyətinin sədri Elxan Əzizov konfransın ilk günündə keçirilən panel müzakirələrində çıxış edəcək.
Elxan Əzizov paneldə “Ookla” nümayəndəsinin moderatorluğu, Sinqapurun “Circles.life”, Yeni Zelandiyanın “Lifestream” şirkətlərinin, Qazaxıstanın “Kcell” mobil operatorunun və “Google”un rəhbər şəxslərinin iştirakı ilə “Müştəri əlaqələrinin gücləndirilməsi: mobil prioritetli dünyada tərəfdaşlıqlar” mövzusunda fikir mübadiləsi aparacaq.
“AzInTelecom” MMC beynəlxalq konfransda, həmçinin stend ilə çıxış edəcək. Tədbirdə iştirak edərək sözügedən stendə yaxınlaşıb şirkətin hazırkı layihələri və gələcək planları barədə ətraflı məlumat əldə etmək olar.
“GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, 5G və infrastrukturun gələcəyi, “Əşyaların interneti”, “Süni intellekt və maşın öyrənməsi”, “Fintek”, kibertəhlükəsizlik kimi bir sıra mövzuları əhatə edir. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcəklər.