Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub.
FED.az xəbər verir ki, BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına çağırır. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin nailiyyətlərinə həsr olunmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze AzerTelecom şirkətində gender bərabərliyi və inklüziv mühitin inkişafı istiqamətində icra olunan layihələri qeyd edib.
“AzerTelecom şirkətində qadınların səlahiyyətlərinin artırılması əsas məqsədlərdən biridir. Biz qadınların STEAM sahəsində uğur qazanması üçün şərait yaradır, onların potensialının inkişafına və texnoloji sahədə tanınmasına dəstək göstəririk. Biz hər bir əməkdaşın nailiyyətinin qiymətləndirildiyi və mükafatlandırıldığı iş mühitin qurulmasında öz töhfəmizi verməyə çalışırıq. Qarşılıqlı dəstək üzərində qurulmuş iş mühiti bərabərliyi və innovasiyaları təşviq etməkdə mühüm rol oynayır” – deyə, Ana Nakaşidze bildirib.
AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir. NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.