Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində 21-24 yanvar tarixlərində keçirilmiş Dünya İqtisadi Forumunda iştirak edib.
Eləcə də bax: “AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı - KONSORSİUMUNDA
FED.az xəbər verir ki, şirkətin baş direktoru Fuad Allahverdiyev və strategiya üzrə müşaviri Azər Bayramov Davos Forumu çərçivəsində keçirilmiş “Caspian Week 2020” konfransı və digər əlaqəli tədbirlərdə Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital Hub” proqramı və proqramın tərkib hissəsi olan “Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsini təqdim ediblər.
Qlobal liderlər, nüfuzlu ekspertlər, iri şirkət rəhbərlərinin iştirak etdiyi və Xəzər regionu ilə dünyanın digər regionları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, bu regionda innovasiyaların tətbiqi məsələlərinin müzakirə olunduğu “Caspian Week 2020” konfransında ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi imkanları və strateji əhəmiyyət daşıyan Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi müzakirə edilib.
AzerTelecom şirkətinin strategiya üzrə müşaviri Azər Bayramov “Qlobal bazarlara çıxış: Böyük Xəzər regionunun yeni tranzit imkanları” panelində çıxışında layihənin regional əhəmiyyətini qeyd edib. Bildirilib ki, fiber-optik kabel xətti Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan istiqamətlərindən ibarət olmaqla Asiya qitəsi ölkələrinin data tranzitinə olan ehtiyacının qarşılanmasına mühüm töhfə verəcək. Transxəzər Fiber-Optik Kabel xətti Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdıracaq və Avrasiya regionunda mövcud marşrutlar arasında ən optimal, ən qısa və məlumat ötürülməsində gecikmələrin az olduğu bir marşrut olacaq. Tədbirdə bu strateji əhəmiyyətli sualtı kabel xətlərinin texniki imkanları vurğulanıb, sonda layihə ilə bağlı suallar cavablandırılıb.
AzerTelecom “Digital Hub” proqramı və onun tərkib hissəsi olan iri infrastruktur layihələrini gələcəkdə də Davos platformasında təqdim edəcək.
AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
AzerTelecom Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvüdür. Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirilməsi üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında saziş 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanıb. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir.