Xəbər verildiyi kimi, Azərbaycanın kosmosdakı «Azersky» peyki ilə əlaqə kəsilib, peyk fəaliyyətini dayandırıb.
Peyklərin operatoru olan «Azərkosmos»dan FED.az-a verilən məlumata görə, «Azersky», Azərbaycanın digər peykləri kimi, sığortalanıb. Peykin fəaliyyətinin vaxtından əvvəl başa çatması sığorta hadisəsi sayılır və buna görə sığorta ödənişi ediləcək.
«Azərkosmos» xatırladıb ki, peykə görə böyük məbləğdə sığorta ödənişi ediləcək. Belə ki, kosmik fəaliyyət sahəsində risklərin idarəolunması üçün kosmik əmlakın sığortası böyük əhəmiyyət kəsb edir. «Azersky» peyki də 45 milyon manat məbləğində sığortalanıb. Artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
FED.az xəbər verir ki, «Azərsky» peyki «Paşa Sığorta» şirkətində sığortalanıb. 2023-cü ilin yanvarında keçirilən tenderin qalibi olan «Paşa Sığorta» 518 min manat sığoğrta haqqı müqabilində «Azərsky» peykini 45 milyon manata sığortalayıb. Baş verən hadisəyə görə sığorta ödənişini də sözügedən şirkət ödəyəcək.
Bununla yanaşı, qeyd edək ki, sığorta ödənişinin heç də hamısı «Paşa Sığorta»nın payına düşmür, ənənəvi olaraq belə obyektlərin sığortası zamanı risklər təkrarsığortaya ötürülür və ödənişin böyük hissəsi təkrarsığorta şirkətləri tərəfindən edilir.