Aprelin 22-dən problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlayan «Azərpoçt» MMC-nin şöbələrində son 2 gün ərzində 24012 vətəndaşa 6 580 842 manat kompensasiya ödənilib. Bu barədə FED.az-a “Azərpoçt”un ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova məlumat verib.
Onun sözlərinə görə, hələlik «Azərpoçt»da kompensasiyasının məbləği 500 manatdan az olan müştərilərə ödəniş edilir. May ayının 1-dən etibarən isə kompensiyası 500 manatdan yuxarı olan vətəndaşlar da ayrılmış poçt şöbələrindən məbləğlərini kartlar vasitəsilə ala biləcəklər.
«Azərpoçt» Bakı ərazisində yerləşən şöbələri və bölgələrdə kompensasiyaları kartlar vasistəilə respublika üzrə 77 şöbədə təqdim edəcək. Paytaxt Bakı istisna olmaqla respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisində kart sayı mindən yuxarıdır. Digər bölgələrdə isə bu rəqəm mindən aşağıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən «Azərpoçt»un icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompenasasiyası 500 manatdan yuxarı olduğuna görə «Azərpoçt»un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəklində əldə edirlər. «Azərpoçt»un Bakı ərazisində yerləşən şöbələri 9 min 294 nəfərə, bölgələrdə isə 35 min nəfərə kompensasiya kartlar vasitəsilə təqdim edəcəklər.