“Azərpoçt” 2023-cü ildə 4,6 milyon manat xalis gəlir əldə edib.
FED.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, “Azərpoçt” bir neçə dəfə fəaliyyət ilini zərərlə başa vurub: Lakin sonuncu strategiyanın tətbiqindən sonra qurum mənfəətlə fəaliyyət göstərməyə başlayaraq maliyyə dayanıqlılığına nail olub. Təkcə son 3 ildə qurumun aktivləri 5 dəfəyə yaxın artaraq 774 milyon manata çatıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə 2020-ci ilə nisbətdə 10 dəfə artıb. 2020-ci ildə 7.7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4.6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub".
Əlavə edilib ki, “Azərpoçt” son dövrlərdə maliyyə institutları ilə iş sahəsində də fəallıq göstərib. Nəticədə Türkiyədə “Aktif Bank”da müxbir hesablar və İsveçrədə BCP bankda hesablar açılıb.
“Azərpoçt” həm də maliyyə xidmətləri göstərir. Hazırda lisenziyaya malik 1116 poçt şöbəsi maliyyə xidmətləri göstərmək iqtidarındadır. Belə ki, poçt şöbələrində maliyyə xidmətlərinin təmin olunması nəticəsində poçt hesablarının açılması və aparılması, pulköçürmələri, maliyyə institutlarında, o cümlədən Mərkəzi Bankda müxbir hesabların açılması, ödəniş vasitələrinin, həmçinin debit kartlarının emissiyası, xarici valyutanın alqı-satqısı, nağd vəsaitin və digər qiymətlilərin inkassasiyası icra olunur.