"“Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin idarəetməsinə verilməsi prosesində lotereya oyunlarının dayandırılması nəzərdə tutulmur".
Eləcə də bax: Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə - Başlayır
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev bildirib.
“Lotereya oyunları fasiləsiz və davamlı həyata keçirilir. Hansısa oyunun dayandırılması, yeni bir oyunun təşkili, satışa çıxarılması mümkün ola bilən məsələlərdir. Bu, İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya”nın idarəetməyə verilməsi ilə bağlı imzalanmış müqavilə qüvvəyə mindikdən sonra reallaşa bilər", - M. Tağıyev vurğulayıb.
Onun sözlərinə görə, müqavilənin qüvvəyə minməsi üçün Nazirlər Kabineti təsdiq etməlidir.
M.Tağıyev xatırladıb ki, dövlət başçısı “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə Sərəncam imzalayıb: "Sərəncama uyğun olaraq biz təhvil-təslim işlərini həyata keçirəcəyik. Sərəncamda qeyd edildiyi kimi müqavilə təsdiq edildikdən sonra 5 ay ərzində təhvil-təslim işləri həyata keçiriləcək. Biz qısa müddətdə bu işləri həyata keçirməyə çalışacağıq”.
Qeyd edək ki, “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu həmçinin, Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir.
Xatırladaq ki, 2020-ci ilin yanvarın 1-nə "Azərlotereya"nın aktivləri 16,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 66,4 % artaraq 8,5 milyon manata, balans kapitalı isə 17 % artaraq 8,1 milyon manata, o cümlədən nizamnamə kapitalı 10 dəfə artaraq 200 min manata çatıb.
ASC 2019-cu ili 5,6 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2018-ci ilə nisbətən 73,5 % çoxdur.
“Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. (Report)