Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 18,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışına istinadən xəbər verir.
2023-cü illə müqayisədə müvafiq olaraq 2 ölkə çox və 1,3 milyon ABŞ dolları (6,6 %) azdır.
2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilmişdi.
2024-cü ildə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 %-ni təşkil edib. Bu da 2023-cü illə müqayisədə 5% azdır.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8 milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Təkcə dekabrda isə “Azərkosmos” 40 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac etmişdi.