Azərbaycanın Kosmik Agentliyi - «Azərkosmos»un səlahiyyətləri və vəzifələri genişlədirilib – artıq bu qurum Azərbaycanın milli kosmik operator funksiyalarını həyata keçirəcək.
Azərbaycan kosmosa növbəti peykini 2026-cı ildə buraxacaq - AZƏRKOSMOS
FED.az xəbər verir ki, Nazirlər Kabineti «Azərkosmos»un nizamnaməsinə dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, ilk növbədə «Azərkosmos»a milli kosmik operator statusu verilib.
Agentliyin fəaliyyətinin istiqamətlərinə isə yeni sahələr əlavə edilib.
Belə ki, bundan sonra «Azərkosmos»
- kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti həyata keçirmək,
- kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair qəbul etdiyi məlumatları “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim etmək;
- “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqeləri, onlarla əlaqədar radiotezlikləri, habelə peyk şəbəkələrini Nazirliklə birgə koordinasiya etmək;
- Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və xaricdə peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini təşkil etmək;
- Azərbaycanda filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun istismar etdiyi xarici kosmik obyektdən Nazirlik tərəfindən təsdiq edilmiş göstəricilərdə ilkin informasiyaların Azərbaycanda birbaşa yer stansiyası vasitəsilə qəbulunu həyata keçirmək;
- kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə əsasən kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin (mülkiyyətçisinin təmin etdiyi) müvəqqəti idarə edilməsini həyata keçirmək kimi fəaliyyətləri də həyata keçirəcək.
Bundan başqa, «Azərkosmos» kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması işlərini də həyata keçirəcək.