Azərkosmos və Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti arasında Azərbaycanda və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə müqavilə imzalanıb.
"Azərkosmos" qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb
Bu barədə FED.az-a qurumdan bildirilib.
Müqaviləyə əsasən, Azərkosmos müştərilərinə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstərəcək. Bu xidmətlər “Azconnexus” peyk internet platforması və “StarWin” mobil peyk terminalları vasitəsilə təmin ediləcək.
Qeyd edək ki, “StarWin” şirkətinin terminalları həm hərəkətdə (Communication on the Move), həm də stabil formada (Communication on the Pause) peyk rabitəsini təmin edən avadanlıqlardır.
Sözügedən terminallar hərəkətdə olan nəqliyyat vasitələrində dayanıqlı və kəsintisiz peyk rabitəsini təmin etmək imkanı yaradır. Stasionar halda peyklə əlaqənin qurulması üçün nəzərdə tutulan terminallar isə sürətli quraşdırılan və sökülən avadanlıqlardır. Bu terminalların üstünlüyü fövqəladə hallar zamanı çevik yayım üçün çox əlverişlidir. Bir sözlə, ekstremal hava şəraiti və ya ucqar ərazidə bu terminallar vasitəsilə sabit rabitəni təmin etmək mümkündür.