Azerconnect Group-un Baş direktoru Emil Məsimov COP29 çərçivəsində keçirilən Biznes Forumda dayanıqlı innovasiya mövzusunda panel müzakirəsində iştirak edib.
O, iqlim dəyişikliyi fonunda yeni texnologiyalar yolu ilə dayanıqlı gələcəyin qurulması mövzusunda çıxış edərək Azerconnect Group-un enerjiyə qənaət, bərpa olunan enerji mənbələrindən istifadə, zərərli tullantıların təkrar emalı və yaşıl biznes modeli istiqamətlərində şirkətin uğurlu təcrübəsini və əldə etdiyi nəticələri paylaşıb.
FED.az xəbər verir ki, Azerconnect Group mobil rabitə şəbəkəsini optimallaşdıraraq enerji istehlakına təxminən 60% qənaət edir, bu da illik 53 min meqavattlıq yüksək göstərici deməkdir. Bundan başqa, pilot layihə olaraq, Azerconnect Group günəş enerjisi ilə çalışan baza stansiyası da öz dayanıqlılığını isbat edib. Elektron cihazların təkrar istifadəsini stimullaşdırmaq üçün isə Türkiyənin EasyCep şirkəti ilə faydalı əməkdaşlıq qurulub.
Azerconnect Group BMT-nin dayanıqlı inkişaf hədəflərinə və şirkətin gələcəyə yönəlik inkişaf strategiyasına uyğun olaraq bərpa olunan enerjidən istifadəni genişləndirməyi, yaşıl texnologiya innovasiyalarına sərmayə yatırmağı və elektron tullantıların azaldılması üçün təkrar emal səylərini artırmağı hədəfləyir.
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji , telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.