Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu da təklif edirlər. Ölkəmizdə isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci ildə qüvvəyə minəcək.
Fəaliyyəti boyu uşaqların müdafiəsinə yönəlmiş çoxsaylı layihələr ilə çıxış edən “Azercell Telekom“ MMC də kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alaraq ötən ildən Bakı və regionlarımızın bir çox məktəblərində yüzlərlə şagird, müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərə başlayıb. Növbəti 3 günlük təlim Şirvan şəhəri 18 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideylərini əhatə edən təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib.
355 nəfərin iştirakı ilə baş tutan təlimlərdə məktəblilər, onların valideynləri və müəllimlərinə şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyyələr, uşaqlar üçün yaradılmış resursların siyahıları, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunub. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.
Qeyd edək ki, Azercell şirkəti 2 il bundan öncə uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
"Azercell"in təşəbbüsüylə internetdən təhlükəsiz istifadəylə bağlı təlim keçirildi
11:09
20 Noy 2018