Azərbaycanın aparıcı mobil operatoru «Azercell Telekom» MMC 2021-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2021-ci ildə «Azercell»in gəlirləri yarım milyard manata yaxınlaşıb – 492 milyon manat. Bu 2020-ci illə müqayisədə 37 milyon manat və ya 8% artıqdır.
Şirkətin xərcləri daha sürətlə artıb – 2021-ci ildə «Azercell»in xərcləri 343,7 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 36 milyon manat və ya 12% artıqdır.
Nəticədə şirkətin əməliyyatlar üzrə mənfəəti 148,355 milyon manat olub, 2020-ci illə müqayisədə təqribən 600 min manat artıq.
Digər gəlirləri və xərcləri də nəzərə aldıqdan sonra «Azercell»in vergidən əvvəlki mənfəəti 148,3 milyon manata çatıb.
27,1 milyon manatlıq mənfəət vergisi ödəniləndən sonra şirkət ili rekord məbləğdə - 121,2 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 17 milyon manat və ya 16,3% artıqdır.
Xatırladaq ki, «Azərcell»in mənfəətinin rekord həddə yüksəlməsi mənfəət vergisinin 2020-ci illə müqayisədə daha az ödəməsi olub – 2020-ci ildə şirkət 45 milyon manat vergi ödəmişdi.
2021-ci ildə «Azercell»in aktivləri 127 milyon manat və ya 16% artaqaq 910 milyon manatı keçib.
Şirkətin uzunmüddətli aktivləri 35 milyon manat azalaraq 594 milyon manatdan, 559 milyon mianata enib. Bunun səbəbi əmlak, qurğu və avadanlıqların dəyərinin təqribən 40 milyon manat azalması olub.
Əvəzində şirkətin qısamüddətli aktivləri kəskin artıb – 189,5 milyon manatdan 351,4 milyon manata yüksəlib.
Hesabatdan məlum olur ki, «Azercell» 2021-ci ildə qüsamüddətli investisiyaları (böyük ehtimalla qiymətli kağızlara – hesabatda dəqiq göstəriməyib) 3 dəfə azaldaraq 102 milyondan 31 milyon manata endirib. Əvəzində şirkət böyük həcmdə nağd pul ehtiyatı yaradıb – 245,5 milyon manat. Bu bir il əvvəlki ilə müqayisədə 23 dəfə artıqdır.
İlin sonuna «Azercell»in öhdəlikləri 193,7 milyon manat təşkil edib – artım 5,5 milyon manat və ya 3% olub.
Şirkət 2021-ci ildəki mənfəətinin demək olar ki, hamısını kapitalın artımına yönəldib, nəticədə 2021-ci ilin sonuna «Azercell»in kapitalı 121 milyon manat artaraq 716 milyon manata yüksəlib.