“Azercell Telekom” MMC Yardımlı rayonundakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
FED.az mobil operatorun yaydığı məlumata istinadən xəbər verir ki, Zevin kəndində transformatorda təmir işləri aparan Quliyev Xasay Ağakərim oğlunun qeydə alınan ölüm hadisəsi “Azercell Telekom” MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyib.
"Bu gün mətbuatda Yardımlı rayonunun Zevin kəndində qeydə alınan və 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar kədərləndiyimizi bildirir və həmvətənimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk. Eyni zamanda “Azercell Telekom” MMC olaraq rəsmi şəkildə bildiririk ki, Ümumiyyətlə həmin ərazidə tərəfimizdən hər hansı təmir işləri aparılmayıb.
Bundan başqa, “Loginet” MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə “Azercell Telekom” MMC arasında əməkdaşlıq münasibətləri mövcud deyil, “Loginet” MMC “Azercell Telekom” MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25 mart tarixindən bu günə qədər qeyd olunan sahədə “Azercell Telekom” MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib”, - deyə məlumatda bildirilir.