"Azercell Telekom" MMC mövcud gərgin qlobal vəziyyətdə milli iqtisadiyyatı və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni vasitələr təklif edir.
24 Mart 2020 tarixindən etibarən Azercell istifadəçiləri “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı əldə edəcəklər. Abunəçilər həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqində “Mobil Ödəmə” bölməsinə daxil olaraq heç bir əlavə komissiya hesablanmadan istədikləri məbləği daxil etməklə nömrə balansından ödəniş edəcəklər. “Mobil Ödəmə” Xidməti vasitəsilə toplanmış məbləği gündə bir dəfə Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank hesabına köçürəcək.
Xidmət Azercell, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və PAŞA Bank-ın tərəfdaşlığı ilə həyta keçirilib.
Qeyd edək ki, “Azercell Telekom” MMC sosial məsuliyyət təşəbbüsləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 AZN məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə 5728 aztəminatlı ailəyə bayram sovqatı verilib. Bu layihə insanların sosial rifahını yaxşılaşdırmaqla yanaşı, dövlətin koronavirus infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb.
Unutmayaq ki, hər kiçik ianə ölkənin və dünyanın təhlükəsizliyini təmin etmək üçün böyük töhfədir. Biz birlikdə güclüyük!