Həyata keçirdiyi korporativ sosial layihələri ilə hər zaman öncül sıralarda qərarlaşan “Azercell Telekom” MMC gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. Şirkət gənclərin əmək bazarına uyğunlaşmasına, öz ixtisasları üzrə uğurlu karyera qurmasına kömək, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə növbəti əmək yarmarkasında iştirak edib.
Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətləri və Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC-nin birgə təşkilatçılığı ilə Lənkəran və Qubada təşkil olunan əmək yarmarkalarına Azercell nümayəndələri də qatılıb.
Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları yarmarka iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib, şirkətdə mövcud olan vakansiyalar barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Xatırladaq ki, layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əmək bazarına çıxışa dəstək, potensialın artırılması və digər məsələlər yer alıb.
Qeyd edək ki, Azercell mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin Tələbə proqramlarından yararlanıb, Azercell Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz