Proqrama seçilən 22 tələbə hər ay Azercell-dən 200 AZN məbləğində təqaüd ilə təmin ediləcək
“Azercell Telekom” MMC gənc nəslin fərdi və peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi Tələbə Təqaüd və Təcrübə proqramının qaliblərini açıqlayıb. Mart ayının 3-də qaliblərin təntənəli mükafatlandırma mərasimində tələbələr ilə görüşən şirkətin rəhbər heyəti qalibləri təbrik edib, Azercell-in istedadlı və xüsusi qabiliyyətli gənclərin yetişdirilməsinə daima töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, 180 nəfərin müraciət etdiyi layihənin nəticələri dörd mərhələli seçim əsasında müəyyən edilib və 22 tələbə Azercell təqaüdçüsü və təcrübəçisi adına layiq görülüb. Şirkət bu tələbələrə təhsil ilinin sonunadək 200 AZN məbləğində təqaüd ayıracaq.
Bundan əlavə, istedadlı gənclər Təcrübə proqramı sayəsində uyğun gəldikləri sahə üzrə bilik və bacarıqlarını artıra biləcəklər. Bu il ərzində proqram iştirakçıları təcrübəçi qismində Azercell-in peşəkar komandasına qatılacaq, real tapşırıq və layihələrdə iştirak etməklə səriştələrini inkişaf etdirə biləcəklər. Təcrübə proqramı çərçivəsində gənclər Azercell Akademiyasının sertifikatlı təlimçiləri tərəfindən keçirilən bir sıra təlimlərdə də iştirak edəcəklər.
Tələbələrlə görüşdə Azercell-in müxtəlif departamentlərinin əməkdaşları gənclərə öz peşələrinin xüsusiyyətləri haqda danışıb, onları maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda Azercell-in Təqaüd və Təcrübə proqramının iştirakçılarına mükafatlar təqdim olunub.
Qeyd edək ki, 2009-cu ildən etibarən “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan Tələbə Təqaüdü proqramı çərçivəsində Azərbaycanın müxtəlif təhsil ocaqlarında oxuyan tələbələrə təqaüd ayrılır. İndiyədək Azərbaycanın fərqli universitetlərində bakalavr və magistratura pillələrində təhsil alan Tələbə Təqaüdü 2022 Proqramının iştirakçılarının sayı da daxil olmaqla, 257 tələbə Azercell şirkətinin təqaüdçüsü seçilib. İkinci Qarabağ Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələr də ötən il Azercell-in bu proqramı çərçivəsində dəstəklənib. 2007-ci ildən etibarən həyata keçirilən Təcrübə Proqramı sayəsində isə 254 tələbə Azercell-də təcrübə keçib, onlardan 34-ü Azercell-də işlə təmin olunub.
Xatırladaq ki, bir çox qabaqcıl ali təhsil məktəbləri ilə əməkdaşlıq edən Azercell şirkəti tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr də həyata keçirir.
Azercell şirkəti Azərbaycanın təhsil sistemindəki yenilikləri izləyərək ali məktəblərlə əməkdaşlığı daha da gücləndirmək, istedadlı gənclərin inkişafına yardımçı olmaq yolunu davam etdirmək niyyətindədir.