“Azercell Telekom” MMC Təhsil Nazirliyinin SABAH qruplarının “Qış Məktəbi” layihəsi çərçivəsində master-klasslar təşkil edib
Ölkənin mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC, Təhsil Nazirliyinin SABAH Karyera Akademiyası tərəfindən təşkil edilən “Qış Məktəbi” layihəsində iştirak edib.
FED.az xəbər verir ki, 11-13 fevral, 2020-ci il tarixlərində Şamaxı şəhərində baş tutan layihə çərçivəsində Azercell Akademiyasının təlimçiləri Vahidə Orucova və Könül Məmmədova tələbələrə “Təqdimat bacarıqları” və “Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən master-klasslar keçiblər. Qeyd etmək lazımdır ki, “Qış məktəbi” layihəsində Azercellin iştirakı artıq xoş bir ənənəyə çevrilib. Belə ki, bu layihə çərçivəsində 2017-ci ildən etibarən hər il şirkətin peşəkar əməkdaşları təcrübə və biliklərini tələbələrlə bölüşürək, onların peşəkar və şəxsi inkişafına böyük töhvə verirlər. Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə uğurlu karyera qurmaq üçün zəruri olan fundamental bacarıqların aşılanmasıdır.
Təhsil Nazirliyi SABAH qrupları ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.
Qeyd etmək lazımdır ki, 2017-ci ildə “Azercell Telekom” MMC və Təhsil Nazirliyinin SABAH qrupları arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən şirkət tərəfindən son 3 il ərzində “Sabah” qruplarının 30 tələbəsinə aylıq təqaüd ayırılıb. Həmçinin SABAH qruplarının 20-dən artıq tələbəsi şirkətdə təcrübə keçmək fürsəti qazanıb ki, onlardan 1-i hal-hazırda artıq Azercell işçisidir. Bu il isə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülən 28 tələbədən 9-u “SABAH” qrupları tələbələri arasından seçilib.