İnternetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların, yeniyetmələrin üzləşə biləcəyi təhlükələri müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün “Azercell Telekom” MMC "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərini davam etdirir.
FED.az xəbər verir ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət layihə çərçivəsində indiyədək ölkəmizin müxtəlif bölgələrində məktəblilər, valideynlər və müəllimlər üçün təlim sessiyaları təşkil edib. Növbəti təlimlərdən biri Sumqayıt şəhəri 31 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 140 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub.
Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maariflənmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baş tutan “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində də “Azercell Telekom” MMC -in təşkilatçılığı ilə silsilə təlimlər keçirildi.
Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə xüsusi önəm verən Azercell “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkanı verir.
Ötən il Azercell "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" layihəsi ilə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyasında qalib seçilərək, Bürünc “Stevie” mükafatı qazanıb.