Azərbaycanın aparıcı mobil operatoru olan «Azercell Telekom» MMC bəzi korporativ internet paketlər üzrə şərtlərə dəyişiklik edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin çap mətbuatında verdiyi elanda bildirilir.
Dəyişiklik «Azercell»in fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən «Gigamax», «Gigamax Plus» və «Gigamax Pro» internet paketlərinə aiddir. 29 sentyabr 2021-ci il tarixdən etibarən qüvvəyə minən dəyişikliklər abunəçinin mobil interneti başqa istifadəçilərlə paylaşmasına qoyulan məhdudiyyətlərə aiddir.
Məsələ bundadır ki, «Azercell» şirkəti sözügedən paketlər üzrə internetin paylaşılmasına məhdudiyyət tətbiq edib. İndiyədək qüvvədə olan sərt qaydalara əsasən, belə paket sahibləri interneti digər cihazlarla, o cümlədən başqa smartfon və planşetlərlə paylaşarkən (o cümlədən AP - Access Point, Mobil giriş nöqtəsi və s. vasitəsilə) paket sahibinin internet paketi dərhal ləğv edilirdi, abunəçiyə isə bu barədə məlumat verilmirdi.
Yeni tətbiq edilən dəyişikliklərə əsasən də «Azercell»in internet paylaşmaq qadağası yenə qüvvəsində qalır, interneti paylaşmaq isəyənlərin cihazına məhdudiyyət tətbiq ediləcək və yenə də paylaşmaq mümkün olmayacaq.
Sadəcə yeni qaydalara əsasən internetin paylaşan paket sahiblərinə xəbərdarlıq edəcək və onlar sözügedən qadağanın özü və internetə qyulan məhdudiyyətin səbəbi qeyd edilmiş xüsusi internet səhifəsinə yönləndiriləcək. Amma istifadəçinin internet paketi ləğv edilməyəcək.
«Bir daha xatırladırıq ki, müvafiq paketlər çərçivəsində təqdim olunan imkanlar yalnız fərdi istifadə üçün nəzərdə tutulur. Müvafiq paketlər çərçivəsində təqdim edilmiş internet həcminin digər cihazlar arasında bölüşməklə istifadəsi (AP - Access Point, Mobil giriş nöqtəsi və s.) qadağandır, bu formada istifadə müşahidə edildikdə yuxarıda göstərilən məhdudiyyət tətbiq ediləcək»-deyə şirkətin açıqlamasında bildirilir. Amma şirkət qeyd edir ki, belə hallara görə əvvəllər tətbiq edilən «cəza» - yəni mövcud olmuş paketə abunənin avtomatik olaraq ləğv edilməsi tətbiq edilməyəcək. Abunəçi göstərilən səbəbdən məhdudiyyət tətbiq edilmiş cihazı dəyişməklə müvafiq paketlərdən istifadəni davam etdirə və ya həmin paketlərdən imtina edə bilər.
Qeyd: Abunəçilər edilən dəyişikliklər, “Gigamax”, “Gigamax Plus” və “Gigamax Pro” internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar haqqında ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.