Fəaliyyəti boyunca tələbələrin peşəkar və fərdi fəaliyyətinə dəstək olan Azercell növbəti dəfə karyera sərgisində iştirak edib. Belə ki, may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilmiş VI məzun-karyera sərgisində Azercell şirkətinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tələbələrlə görüşüb,onların suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən təcrübə və təqaüd proqramları barədə geniş məlumat təqdim ediblər.
Qeyd edək ki, bu il Azercell şirkəti istedadlı gənclərin karyera qurmasına dəstək olmaq məqsədilə tələbələr üçün "Azercell-Lab" - ödənişli təcrübə proqramını elan edib. Təcrübə proqramı çərçivəsində tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edilib: "İT-lab" və "Biznes-Lab". Seçim mərhələlərini uğurla keçmiş tələbələr iyul ayının 1-dən başlayaraq "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək fürsətini əldə edəcəklər. Əlavə olaraq, təcrübəçilər Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.
Azərbaycanda təhsilin inkişafına daim töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən Azercell şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi
15:38
27 May 2019