Novruz və Ramazan bayramları ərəfəsində Azercell əməkdaşlarının təşəbbüsü ilə ənənəvi xeyriyyə yarmarkası təşkil olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iki gün davam edən yarmarka çərçivəsində əməkdaşların hazırladıqları əl işləri — bəzək əşyaları, rəsm əsərləri, toxunma oyuncaqlar, eləcə də ev şəraitində hazırlanmış şirniyyatlar xeyriyyə məqsədilə satışa çıxarılıb. Yarmarkadan əldə olunan vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan 200-dək aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb.
Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” mütəmadi olaraq xeyriyyə təşəbbüsləri həyata keçirməklə sosial həmrəyliyin gücləndirilməsinə töhfə verir.















