Azərbaycanın mobil operatoru «Azercell» internet xidmətləri və danışıq xidmətlərinin qiymətini dəyişdirir.
FED.az xəbər verir ki, dəyişikliklər internet paketlərin qiymətində və bəzi paketlər üzrə danışıq vaxtının hesablanmasında özünü göstərəcək.
Şirkət bu artımı «Mobil rabitənin dəyişən trendləri və abunəçilərin mobil internet xidmətlərinin istifadəsinə üstünlük verməsi və daha geniş seçim imkanı yaratmaq istəyi» ilə izah edib. Bu məqsədlə məqsədilə “Azercell” təklif etdiyi internet paketlərinin çeşidini optimallaşdırmağı planlaşdırır. Beləliklə, 15.04.2022-ci il tarixdən başlayaraq internet paketlərindən istifadə edən abunəçilər üçün aşağıdakı şərtlər tətbiq ediləcək:
· Gündəlik 500 MB (indi 1,2 manatdır), aylıq 60 MB (1 manatdır), eləcə də, limitsiz gecə paketləri (2 manatdır) təklif olunan məhsul siyahısından çıxarılacaq və növbəti yeni qoşulmalar mümkün olmayacaq. Həmin paketlərə 15.04.2022-ci ilə kimi qoşulan abunəçilər, paketi deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.
· 1 saat limitsiz internet paketinə - 0,59 AZN (indi 0?50 manatdır); 3 saat limitsiz internet paketinə - 1,49 AZN (indi 1,2 manatdır); 6 saat limitsiz internet paketinə - 2,39 AZN (indi 1,89 manatdır); Həftə sonu limitsiz internet paketinə - 2,99 AZN xidmət haqqı (indi 1,5 manatdır) tətbiq ediləcək.
Bundan əlavə, “Azercell” təqdim etdiyi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və fakturasız (SimSim) xətt sisteminin abunəçilərinə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə bəzi tarif paketlərində dəyişiklik edir. Müvafiq olaraq, 15.04.2022-ci il tarixdən etibarən “Bölgə” tarifi üçün hesablama intervalı 60 saniyə (indi 30 saniyə təşkil edir) kimi tətbiq ediləcək.
Bu o deməkdir ki, əvvəllər 1 saniyədən 30 saniyəyə qədər davam edən danışıq 30 saniyə sayılırdı və onun pulu çıxılırdısa, indi 1 dəqiqədən az olan bütün danışıqlar 1 dəqiqə sayılacaq və onun pulu çıxılacaq.
Şirkət bildirirki, bütün qiymətlər ƏDV daxil göstərilib. Abunəçilər göstərilən dəyişikliklər, müvafiq tarif paketləri və mövcud tarif paketlərinin dəyişdirilməsi şərtləri barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.