Ölkənin lider mobil operatoru “Azercell Telekom”un mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İT-Akademiya” layihəsinin tələbələri üçün "İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi" və “Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən təlim-seminar proqramı ilə çıxış ediblər.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “İT-Akademiya” layihəsinin bu təlimində 60-a yaxın tələbə iştirak edib.
Tədbir çərçivəsində Azercell-in İnsan Resursları departamentinin Transformasiya və Təşkilatı İnkişaf üzrə eksperti, Azercell Akademiyasının təlimçisi Vahidə Orucova və Azercell-in İnsan Resursları departamentinin Transformasiya üzrə konsultantı Fəxri Qurbanov iştirakçılara İT sahəsində uğurlu karyera qurmağın yolları və peşəkar inkişaf imkanları barədə məlumat təqdim edib, onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, fəaliyyət dövrü ərzində ölkədə yeni İT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına davamlı olaraq töhfə verən “Azercell Telekom” MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək.