Konfransdan bir gün əvvəl telekommunikasiya sahəsinin dövlət nümayəndələri və aparıcı ekspertləri "Mobil telekommunikasiya spektrinin idarə olunması" üzrə xüsusi seminarda iştirak ediblər
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və ölkənin lider mobil operatoru Azercell-in baş sponsorluğu ilə 16-17 may tarixlərində Bakıda keçirilən "M360 Eurasia" tədbiri mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan regional və qlobal ekspertləri bir araya gətirir. Beynəlxalq konfrans sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmaq üçün unikal platforma yaradır.
Eyni zamanda, Azərbaycanda ilk dəfə təşkil edilən bu tədbir 4G şəbəkəsinin tətbiqi ilə yanaşı, 5G texnologiyasının da ölkə ərazisində uğurla sınaqdan keçirildiyini gündəmə gətirir. Bununla da Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini beynəlxalq müstəvidə daha da gücləndirir.
İkigünlük konfransla yanaşı, “GSMA M360 Eurasia 2023” təşkilatçıları Azərbaycan auditoriyası üçün xüsusi proqramlar da həyata keçirir. Belə ki, konfransdan bir gün öncə may ayının 15-də ölkənin hökumət nümayəndələri və telekommunikasiya sahəsinin aparıcı ekspertləri üçün peşəkar bacarıqların inkişafına dair "Mobil telekommunikasiya spektrinin idarə olunması" adlı seminar təşkil edilib.
Seminar aşağıdakı mövzuları əhatə edib:
•Mobil cihazlar üçün spektr lisenziyası
•Spektr siyasəti haqqında mülahizələr
•İnvestisiyaların təşviqi
•Spektr monitorinqi
•Mobil rabitədə zolaq genişliyinin təmin edilməsi üçün rəqəmsal dividenddən istifadə
•Nəqletmə üçün spektr
•Dəyişən mobil mühitdə tənzimləmə
•Əşyaların interneti (IoT) üçün spektr
•5G-li gələcəyə doğru
Qeyd edək ki, "GSMA M360 Eurasia 2023" beynəlxalq telekommunikasiya tədbiri Azərbaycanda "Four Seasons” otelində keçirilir. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzularda məruzəçilərin çıxışını və dinamik panel müzakirələrini əhatə edir.