"Azercell" şirkəti koronovirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində "Xüsusi karantin rejiminin tətbiqi zamani icazələrin alınması və monitorinqi sistemi" çərçivəsində vətəndaşların sorğularının operativ cavablandırmasına dəstək olub.
Eləcə də bax: “Azercell” COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına – QOŞULDU
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, müştərilərinin rahatlığını hər zaman prioritet hesab edən "Azercell", qısa müddət ərzində abunəçiləri üçün SMS icazə sistemini aktiv edib. Beləliklə, "Azercell" abunəçiləri 8103 nömrəsi vasitəsilə bu xidmətdən ödənişsiz yararlana bilirlər. Xatırladaq ki, tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar, vətəndaşlar yaşayış yerlərini tərk etmək üçün 8103 nömrəsinə icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini göndərməlidir.
SMS icazə sisteminin istifadəyə verildiyi ilk günlərin həm vətəndaşlar, həm də Elektron Hökumətin İnkişafı Mərkəzi üçün ən gərgin zaman olduğunu nəzərə alaraq, "Azercell"in Telefon Mərkəzi xüsusi iş rejimində çalışıb. "Azercell" "ASAN xidmət"in müvafiq sisteminə (9108) dəstək göstərərək SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar daxil olan zəngləri və sualları operativ şəkildə cavablandırıb. Həmçinin xidmətdən istifadə zamanı yarana biləcək sualları öncədən cavablandırmaq məqsədilə "Azercell" şirkəti tərəfindən xüsusi informativ video təlimatlar hazırlanaraq, rəsmi Sosial Media hesablarında dərc olunub.
Bundan əlavə, "Azercell" Elektron Hökumətin İnkişafı Mərkəzinə "Mi-fi" cihazları, limitsiz internet paketləri və limitsiz danışıq üçün xüsusi nömrələr hədiyyə etməklə, qurumu kəsintisiz rabitə xidmətləri ilə təmin edib.
Qeyd edək ki, qlobal pandemiya dövrü ərzində "Azercell" ölkədə yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, eləcə də iqtisadi sabitliyin qorunması və əhalinin sosial rifahının yüksəldilməsi üçün hökumət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirib, müxtəlif sosial təşəbbüslərə imza atıb.