Ölkənin lider mobil operatoru abunəçilərinin faktura hesabı haqqında məlumatı artıq bilavasitə onların elektron ünvanlarına göndərəcək
FED.az xəbər verir ki, Azercell rəqəmsallaşma istiqamətində apardığı davamlı yeniliklərin tərkib hissəsi kimi ölkəmizdə elektron xidmətlərindən istifadəni daha da genişləndirmək məqsədilə Azercell Telekom elektron hesab-faktura sisteminin tətbiqinə başlayır. Bildiyimiz kimi, hesab fakturaların kağızda çap edilməsi ətraf mühitə mənfi təsir göstərməklə öz-özlüyündə məhdud təbii resursların israfı ilə nəticələnir. Belə olan halda, məlumat mübadiləsinin elektron formada təşkilini daha da səmərəli və istifadə baxımından rahat sayılır.
Eləcə də bax:"Azərbaycan Beynəlxalq Bankı" və "Azercell"dən - ÖLKƏMİZDƏ BİR İLK!
Həmçinin, bir çox abunəçilərin vaxtı ilə təqdim etdikləri ünvan məlumatlarının qeyri-dəqiq olması və ya digər səbəblər (abunəçinin başqa ünvana köçməsi, yeni ünvan sisteminin tətbiqi və sair) şirkət tərəfindən ünvana göndərilən hesab-fakturaların alıcıya çatmaması ilə nəticələnə bilirdi. Artıq abunəçilər Azercell Müştəri Xidmətləri mərkəzlərinə müraciət edərək, ödənişsiz əsaslarla elektron poçt ünvanına hesab-fakturanın göndərilməsi xidmətini aktiv edə bilərlər.
Bundan başqa, abunəçilər hesab-fakturalar barədə məlumat əldə etmək üçün digər alternativ imkanlardan da yararlanmaq iqtidarında olacaq. Belə ki, “Kabinetim” mobil tətbiqi və veb versiyası üzərindən abunəçilər nömrənin cari vəziyyəti barədə məlumatları yoxlaya, o cümlədən son üç hesab-faktura ilə tanış ola, müxtəlif əməliyyatlar həyata keçirə bilərlər. Həm də, abunəçilər nömrənin cari vəziyyəti (o cümlədən hesab faktura məbləğləri) barədə məlumatı 650 xidməti (1 SMS üçün xidmət haqqı – 0,0236 AZN ƏDV daxil) vasitəsi ilə əldə etməsi mümkündür. Eyni zamanda, abunəçilər istənilən Müştəri Xidmətləri mərkəzinə müraciət etməklə, nömrələrinə dair hesab fakturanın çap variantını kağız daşıyıcıda pulsuz olaraq əldə etmək imkanına malikdirlər.
Qeyd edək ki, yeni elektron xidməti ilə bağlı 25 yanvar 2020-ci il tarixindən etibarən Azercell Telekom tərəfindən kağız daşıyıcıda hesab-fakturaların abunəçilərin poçt ünvanına və faksla çatdırma xidməti ləğv ediləcək.
Abunəçilər göstərilən dəyişiklər, hesab fakturaların elektron poçt ünvanına çatdırılması xidmətinin sifarişi və imtina qaydası barədə şirkətin rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (Müştəri Xidmətləri mərkəzləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilər.