Şirkət tərəfindən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 azn köçürüldü
Vətənimizin taleyində həlledici olan bu gərgin zamanlarda da ölkənin əsas rabitə təminatçısı Azercell Telekom vətəndaşlarımıza dəstək göstərməkdə davam edir. Mobil operator torpaqlarımızın işğaldan azad olunması naminə çalışan ordunu təbliğ edərək, insanlarda döyüş əzmi və qələbə ruhunu artıran, həm də dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması vəzifəsini layiqincə yerinə yetirən media təmsilçilərinin gərgin əməyinə öz töhfəsini əsirgəməyib.
Azercell hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 azn köçürüb.
Beləliklə, Azercell informasiya müharibəsinin sarsılmaz döyüşçüləri olan media nümayəndələrimizə qaynar döyüş bölgələrindən operativ şəkildə həm bütün Azərbaycan xalqına, həm də dünya içtimaiyyətinə dəqiq xəbərlər ötürməsinə öz dəstəyini göstərmiş olur. Söz və qələm döyüşçülərimizdən Qələbə xəbərini gözləyirik!
Xatırladaq ki, Milli Ordumuza ianə məqsədilə Azercell Telekom Silahlı Qüvvələrə Yardım Fonduna artıq 1 milyon manat həcmində vəsait köçürüb. Eyni zamanda, vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azercell Telekom-un baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır.
Azercell Milli Ordumuzun zəfəri naminə bu saatlarda ön cəbhədə döyüşən öz əməkdaşları da daxil olmaqla, bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və can sağlığı arzu edir!
Qarabağ Azərbaycandır!