Mobil operator bütün xidmət kanalları üzrə müştəri məmnuniyyəti səviyyəsini qoruyub saxlamaqdadır.
Müasir texnologiyaların və biznes həllərin köməyilə abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” hazırda bütün mümkün platformalar üzərindən xidmət spektrini davamlı şəkildə genişləndirir.
2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2020-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3 950 821 zəng daxil olmuş, bunlardan 95%-i cavablandırılmış, onlayn müştəri xidmətləri üzərindən 449 337 sayda sorğu daxil olmuş və bunların 98%-i cavablandırılmış, Premium dəstək xəttinə daxil olmuş 119 602 müraciətin isə 96%-i cavablandırılmışdır.
Qeyd edək ki, Telefon vasitəsilə daxil olmuş müraciətlərin ortalama cavablama müddəti təxminən 2 dəqiqə təşkil edir ki, bu da çox yüksək göstərici nümunəsidir. Azercell-in Telefon Mərkəzi üçün 2020-ci ildə müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib.
Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 134,350 müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılmışdır. Fərqli kanallar vasitəsilə daxil olan müraciətlər əsasən mobil internet xidmətləri, balans barədə məlumat, ödəmə, xidmətlərə qoşulma və s. ilə bağlı olub.
Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 949, 292 nəfər abunəçiyə üz-üzə xidmət göstərilib.
Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib.
Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət təqdim olunub.
Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Azercell-in istifadəyə verdiyi “Kabinetim” tətbiqi isə müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.
Azercell şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 18295:2017 və ISO 10002:2018 beynəlxalq sertifikatlaşma standartlarına da layiq görülüb. ISO 18295:2017 bilavasitə Müştərilərlə Əlaqə Mərkəzlərinin İdarə edilməsi Sahəsində Beynəlxalq Sertifikat, ISO 10002:2018 isə Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatlardır.
“Azercell Telekom” MMC bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu və abunəçi sorğularının çevik və rahat şəkildə cavablandırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.