Azərbaycanın aparıcı mobil operatoru olan «Azercell Telecom» 2022-ci ili 128 milyon manat xalis mənfəətlə tamamlayıb.
FED.az şirkətin ötən il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə «Azercall»in göstərdiyi xidmətlərdən gələn gəlirləri 40 milyon manat və ya 8% artaraq 532 milyon manata çatıb. Ötən il gəlirlər 492 milyon manat olmuşdu.
Şirkətin 362 milyon manatlıq xərclərini nəzərə alanda əməliyyat mənfəəti 169 milyon manata yüksəlib. Ötən il bu göstərici 21 milyon manat az idi – 148 milyon manat.
2022-ci ildə şirkətin digər gəlirlərini (1,8 milyon manat), maliyyə gəlirlərini (1,3 milyon manat) və digər xərclərini (1 milyon manat) nəzərə alanda vergidən əvvəlki mənfəət 171,4 milyon manata yüksəlib.
«Azercell» 2022-ci ildə 42,6 milyon manat mənfəət vergisi ödəyib ki, bu da 2021-ci ilin göstəricisindən 15,5 milyon manat və ya 58% artıqdır.
Nəticədə şirkətin illik xalis mənfəəti 128,8 milyon manata yüksəlib.
Ötən il şirkətin aktivləri 110 milyon manat artaraq 1 milyard manatı keçib - 1 milyard 20 milyon manata yüksəlib.
Şirkətin ümumi öhdəlikləri 6 milyon manat azalaraq 193 milyon manatdan 187 milyon manata düşüb.
Kapitalı isə 116 milyon manat böyüyərək 832,4 milyon manata yüksəlib. 2022-ci ilin yekunlarına görə, «Azercell»in səhmdar kapitalı dəyişməyib – 42 milyon manatdır. Əvəzində şirkətin 790 milyon manat bölüşdürülməmiş mənfəəti toplanıb.