İyulun 18-də İran İslam Respublikasının paytaxtı Tehranda 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp–2019”) sərgisi işə başlayıb. Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İranda səfərdə olan nümayəndə heyətimiz sərginin açılış mərasimində iştirak edib.
Nazirlikdən FED.az-a bildirilib ki, Azərbaycan “Elecomp–2019”da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur.
Səfər çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin dördtərəfli görüşü keçirilib. Görüşdə innovasiyalar və İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. İnnovativ startaplar və İKT şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili qərara alınıb.
Nümayəndə heyəti İranla Azərbaycan arasında yüksək keyfiyyətli rabitənin təmin edilməsi, İrandan Azərbaycana giriş trafiki həcminin artırılması, “AzInTelecom” MMC ilə İran “TIC” şirkətlərinin tranzit-texniki imkanlarından qarşılıqlı istifadə edilməsi üzrə ikitərəfli görüşlər keçirib.
Eyni zamanda, İranda fəaliyyət göstərən startaplar üçün də “Fast Track” Akselerasiya Proqramının təşkil olunması müzakirə edilib. İnnovasiyalar Agentliyi və ölkəmizin innovasiya ekosistemi barədə təqdimat olub.
Azərbaycan nümayəndə heyəti İran Rəqəmsal İqtisadiyyat Forumunda da iştirak edib.
Azərbaycanlı nazir İrana - SƏFƏR EDİB
22:05
18 İyul 2019