Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “MEGOGO” video-servisi ilə əməkdaşlıq sazişi imzalayıb. FED.az xəbər verir ki, bunu yeni xidmətin təqdimatında “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova deyib.
Onun sözlərinə görə, bu saziş çərçivəsində “Bakcell” abunəçiləri “MEGOGO” əlavəsi üzərindən videoməzmuna baxmaq imkanı əldə edəcəklər.
"Məhsul kommersiya istifadəsinə hələ verilməyib, lakin kifayət qədər çoxlu sayda “Bakcell” abunəçisi xidmətdən test rejimində istifadə etməyə başlayıb", - deyə S. Cəfərova qeyd edib.
“Bakcell” abunəçiləri bu xidmətdən seçdiyi tarif paketindən asılı olaraq 6 və ya 12 ay müddətində pulsuz istifadə edə biləcək. Bundan sonra xidmət üçün aylıq abunə haqqı 3 manat təşkil edəcək.
Qeyd edək ki, “MEGOGO” Şərqi Avropada onlayn rejimdə video və TV izləmək üçün ən böyük videoxidmətdir. MDB ölkələrində xidmətin aylıq auditoriyası 40 mln. istifadəçi təşkil edir. Resurs kataloqu 77 mindən artıq videodan ibarətdir. Videoların əksəriyyətini bədii filmlər, seriallar, cizgi filmləri, televiziya şouları, konsert, musiqili videolar, həmçinin xəbər proqramları təşkil edir.