Elektron mühitin inkişafında önəmli rolu olan elektron imzadan istifadənin genişlənməsi ilə yanaşı, imzaların dövlətlərarası qarşılıqlı tanınması istiqamətində işlər aparılır. Cari ildə Türkiyə Respublikası ilə elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə prezident İlham Əliyevin sədirliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında bildirib.
Nazir onu da qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən yeni fiber-optik magistralın yaradılmasını nəzərdə tutan Trans-Avrasiya Super İnformasiya Magistralı ( TASİM) layihəsi üzrə müvafiq danışıqlar davam etdirilir. TASİM Konsorsiumuna daxil olan dövlətlərin operatorları arasında layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı artıq protokol imzalanıb.
“İKT-nin geniş tətbiqi, informasiya mübadiləsinin həcminin artması, məlumatların vahid mərkəzdə və təhlükəsiz saxlanması ölkədə Data Mərkəzin yaradılmasını zəruri edib. Sevindirici haldır ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub. Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TIER III yüksək təhlükəsizlik standartlarına cavab verir. Mövcud Data Mərkəzdəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin tikintisinə başlanılıb”- R.Quluzadə məlumat verib.